Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi

25 may 2018-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə kollecin foyesində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə kollecin direktoru, dosent Ruslan Həmidov açaraq bildirdi ki, bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamının olmasını və möhtərəm Prezidentin 2018-ci ili  Cumhuriyyət ili elan etməsini xatırlatdı. Direktor Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsindən danışaraq bildirdi ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin və tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Daha sonra direktor qeyd etdi ki, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar kollec üzrə tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Plana əsasən Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş xüsusi nömrələr buraxılmış, tələbə və müəllimlərin müxtəlif muzeylərə ekskursiyalarının təşkili, açıq dərs və seminarların keçirilməsi, 25 may tarixində keçirilən ilk dərslərin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunması nəzərdə tutulmuşdur. Məruzə üçün söz kollecin “İqtisadiyyat və idarəetmə” FBK-nın sədri Qətilə Şükürovaya verildi. Məruzəçi bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratmışdır. “Tarix və ictimai elmlər” FBK-nın sədri Günel Abdullayeva müstəqilliyimizin 100 illik tarixindən,  “Azərbaycan dili və ədəbiyyat” FBK-nın sədri Nuranə Əskərova AXC dövründə qəbul edilmiş dil haqqında qanundan və o dövrün ədəbiyyatdan söz açdı. AXC-nin incəsənət istiqamətində gördüyü işlər barədə “Musiqi və təsviri incəsənət” şöbəsinin müəllimi Günay İsgəndərova danışaraq ətaflı məlumat verdi. Kollecin I B Texnologiya müəllimliyi ixtisasının tələbəsi Tamilla Axundovanın Cumhuriyyətlə bağlı şeri dinlənildi. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə fərqlənən tələbə və əməkdaşlara fəxri fərmanlar təqdim olundu. Tədbir AXC-nin 100 illiyinə həsr olunmuş video slaydın nümayişi ilə başa çatdı.