20 yanvar qan yaddaşımızdır

20 yanvar qan yaddaşımızdır

Azərbaycan öz ölkəsinin azadlığı, suverenliyi uğrunda canından keçən insanların ölkəsidir. Azərbaycan torpağı şəhid qanı ilə sulanmış ölkədir. Azərbaycanın özünün müstəqilliyinə doğru ilk və ən böyük addımını atdığı gündən 1990-cı il yanvarın 20-dən düz 31 il ötür. Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 20 yanvar hadisələrinin 31-ci il dönümü ilə əlaqədar Microsoft Teams platforması üzərindən onlayn tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru dosent Ruslan Həmidov açaraq həmin gecə şəhid olan vətən oğulları və qızlarının ruhunu 1 dəqiqəlik sükutla yad etdi. Daha sonra 20 yanvar gecəsi baş verən dəhşətli hadisələrin səbəblərini və səbəbkarlarını yaxından tanıtmaq və məlumat vermək üçün söz Kollecin tarix müəllimi Qətilə Şükürovaya verildi. O, Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyini eləcə də milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdi. O, həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həmin günlərdə xalqın yanında olmasını, ölkəmizin Moskvadakı nümayəndəliyində çıxışını, daha sonralar Azərbaycan Prezidenti kimi bu günə xüsusi status verməsini, onun davamçısı, cənab Prezident İlham Əliyevin də bu yola sadiq qalmasını qeyd etdi. Bildirildi ki, 20 yanvar gecəsi qanlı yaddaşımız olmaqla yanaşı, həm də bir qəhrəmanlıq nümunəsidir. Biz həmin gecə Azərbaycanın suverenliyi uğrunda canından keçən insanları şəhid və əsl qəhrəman sayırıq. Sonda çıxış üçün söz Kollecin III kurs tələbələri Elnarə Miriyeva və Fidan Dadaşzadəyə verildi. Tələbələr şəhidlər haqqında hazırladıqları “20 yanvar gecəsində” adlı şer söylədilər.

 

                                                                                              Cəmil Quliyev

                                                                                   Kollecin müəllimi, t.ü.f.d.

 

                                                                                       .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir