Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş açıq dərs keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş açıq dərs keçirildi.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar verdiyi Sərəncamın yerinə yetirilməsi üzrə tədbirlər planına uyğun olaraq, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ölkəmizdə geniş şəkildə qeyd edilməkdədir. Bununla bağlı Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, “Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik. 2021-ci ildə biz Nizaminin 880 illik yubileyini qeyd edəcəyik, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir. 2019-cu il digər dahi Azərbaycan şairi Nəsimi ili olub. Bu, onu göstərir ki, dövlət tərəfindən və şəxsən Prezident tərəfindən bizim ədəbiyyatımıza, bizim dahi şairlərimizin xatirəsinə çox böyük hörmət var, qayğı var. Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr vermişlər”.

Həmçinin, Təhsil nazirliyi tərəfindən müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, təhsil müəssisələrində Nizami Gəncəviyə həsr olunmuş poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, seminarlar və onlayn “Açıq dərs”lərin keçirilməsi, ədəbiyyatçılar və Nizamişünaslarla görüşlərin təşkili, şairə həsr olunmuş bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulmuşdur.

Bu münasibətlə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin “Təsviri incəsənət müəllimliyi” ixtisasının II kurs tələbələri üçün dahi Azərbaycan şairinə həsr edilmiş onlayn formada açıq dərs keçirildi. İlk öncə Kollecin direktoru, dosent Ruslan Həmidov çıxışında bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev Nizami Gəncəvi irsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hələ zamanında çox böyük işlər görmüşdür. Sevindirici haldır ki, bu böyük ənənə bu gün də davam etdirilməkdədir. 880 illiyini qeyd etdiyimiz dahi Nizami Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən qiymətli sərvətimizdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülüb, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Dahi mütəfəkkirin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir. Natiq bütün bunlarla yanaşı, dövrünün bütün elm sahələrindən mükəmməl şəkildə xəbərdar olan şairin nəinki Azərbaycan ədəbiyyatında, eləcə də dünya ədəbiyyatında müstəsna yer tutduğunu qeyd etdi.

Daha sonra fənn müəllimi Nuranə Əskərova qeyd etdi ki, böyük şair öz əsərləri ilə oxucularını əxlaqı cəhətdən saflaşmağa, mənəvi baxımdan kamilləşməyə sövq edir. İnsanı dünyanın əşrəfi kimi ucaldaraq onun kamilləşməsini, dünyagörüşə yiyələnməsini arzulayır. Nizami öz şəxsiyyəti və yaradıcılığı, eləcə də əsərlərindəki heyrətamiz qəhrəmanlarının nümunəsi ilə bir tərbiyə məktəbidir.

Mövzu ətrafında Aytac Mürşüdova, Lalə Babayeva, Çinarə Yusubova və başqa tələbələrin çıxış və şerləri dinlənildi, Elanə Əliyeva və Gülay Fətullayevanın rəsm əsərləri nümayiş olundu.

Açıq dərsdə, şöbə müdirlərindən İlahə Əyyubova, Gülayə Talışxanova, Dəyanət Əskərov, Fənn Birləşmə Komissiya sədri Ülkər Bəşirova və Kollecin digər müəllimləri iştirak etdilər.

 

 

 

                                                                    Сəmil Quliyev

                                   LDU nəzdində Sosial və AqrarTexnoloji Kollecin

                                   İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.

 

Bir cavab yazın