8 noyabr “Zəfər Günü”ndə Kollecin şəhid məzunu Heydərin anım günü keçirildi.

8 noyabr “Zəfər Günü”ndə Kollecin şəhid məzunu Heydərin anım günü keçirildi.

8 noyabr 2021-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru dosent Ruslan Həmidov başda olmaqla müəllim və məzun tələbələr Kollecin “Fiziki tərbiyə müəllimliyi” ixtisasının 2016-2017-ci il şəhid məzunu Qənbərli Heydər Ağahüseyn oğlunun anım günündə iştirak etdilər. Xalqımızın müstəqillik tarixi də məhz şəhidlərimizin adı ilə bağlıdır.

Şəhid Qənbərzadə Heydər Ağahüseyn oğlu 10 oktyabr 1997-ci ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. Orta təhsilini Cil kənd tam orta məktəbində aldıqdan sonra Lənkəran Dövlət Humanitar Kollecinə qəbul olmuşdur. 2017-ci ildə Kollecin “Fiziki tərbiyə müəllimliyi” ixtisasını müvəffəqiyyətlə bitirmişdir. 2017-ci ilin iyul ayından həqiqi hərbi xidmət keçən Heydər Qənbərzadə Pulemyotçu-tuşlayıcı vəzifəsində 44 Günlük Vətən Müharibəsi başlayandan döyüşlərə qatılmış, Füzuli, Hadrut, Zəngilan, Cəbrayıl, Qubadlı və Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qənbərzadə Heydər Ağahüseyn oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən Uğrunda”, “Şuşanın azad olunması uğrunda” medalları ilə təltif edilmişdir. Şəhidin qardaşı Əli Qənbərli də hərbçidir və hal-hazırda xidmətini davam etdirir. Şəhidlər ölməz, unudulmazdır! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq. Bax, şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Şəhidin atası Ağahüseyn kişi ağlayaraq həzin bir səslə pıçıldayır: “Onlarla belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun”. Gənc övladını 1 il bundan öncə torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan Gülşən ana da “Vətən sağ olsun” deyir, oğlunun anım günündə məzarı üstünə sərilən bayrağımızdan, oğlu Əli və qızı Elvinadan, nəvələri İnci, Röya, Uğurdan təskinlik tapır. Hər kəs baş əyir məzarının önündə, “səninlə fəxr edirik, Azərbaycan əsgəri, şərəflə qorudun Vətəni Heydər” deyir.

                     Cəmil Quliyev

   Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir