Təhsil tələbə kreditinin verilməsi ilə əlaqədar məlumat

Sual- Cavab

 

Sual 1: Təhsil Tələbə Kreditinın (TTK) verilməsinin  hüquqi əsası nədir?

Cavab:

  1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli  Fərmanı
  2. “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226№-li Qərarı.

Sual 2: Təhsilin hansı pillə və səviyyələrində təhsil alan tələbələrə TTK-nın verilməsi nəzərdə tutulmuşdur?

Cavab:

Ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani təhsil alan ödənişli tələbələr TTK almaq hüququna malikdirlər.

 Sual 3: Ölkəmizdə təhsil alan əcnəbilər (xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər) TTK ala biləcəklər?

Cavab:

TTK-ni yalnız Azərbaycan Respublikası vətəndaşı olan tələbələr ala biləcəklər.

Sual 4: Hansı təhsil müəssisələrinin tələbələri təhsil haqqı xərclərinin ödənilməsi üçün müraciət edə bilərlər?

Cavab:

Mülkiyyət formasından asılı olmayaraq, istər dövlət, istərsə də özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə TTK üçün müraciət edə bilərlər.

Sual 5: Xarici ölkənin təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikası vətəndaşı olan tələbələr TTK ala biləcəklər?

Cavab: TTK yalnız ölkəmizdə qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikası vətəndaşı olan tələbələrə verilə bilər.

Sual 6: TTK-nin hansı növləri vardır?

Cavab:

  1. Sosial
  2. Standart.

Sual 7:  Hansı tələbələr sosial TTK-dən istifadə etmək hüququna malikdirlər?

Cavab:

Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:

  1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
  2. 3-cü dərəcə əlilliyi olanlar;
  3. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:

1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;

işsiz kimi qeydiyyatda olanlar;

yaşa görə əmək pensiyası alanlar;

yaşa görə sosial müavinət alanlar.

Sual 8:  Hansı tələbələr standart TTK-dən istifadə etmək hüququna malikdirlər?

Cavab:

Sosial TTK almaq hüququ olmayan, eləcə də aşağıdakı şərtləri təmin edən tələbələr bu hüquqdan istifadə edə biləcəklər:

1.Birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.

2.Digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar) və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.

 Sual 9:  Akademik borcu olan tələbələr TTK ala bilərlər?

Cavab:

Akademik borcu olan tələbələrə TTK verilmir.

 Sual 10:  Fondun Himayəçilik Şurası tərəfindən birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbələrin standart TTK almaq hüququnu müəyyən edən tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddi necə təsdiq edilmişdir?

Cavab:

      bakalavriat pilləsi üçün 300-700 bal aralığı;

      magistratura pilləsi üçün 50-100 bal aralığı;

      subbakalavriat pilləsi üçün 110-300 bal aralığı.

Sual 11:  Normativ təhsil müddətindən artıq təhsil alan tələbələr TTK ala bilərlər?

Cavab:

Normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə TTK verilmir.

 Sual 12:  Təhsil haqqı ödənişi üzrə imtiyazları (məcburi köçkün, şəhid ailəsi, əlil və s.)  olan tələbələrə TTK verilə bilər?

Cavab:

Dövlət imtiyazları (məcburi köçkün, şəhid ailəsi, əlil və s.) olan tələbələrin təhsil haqqı xərcləri dövlət hesabına ödənildiyindən onların TTK almaq hüquqları yoxdur.

Sual 13: TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin qeydiyyata alındığı tarixdən sonra dəyişməsi (məsələn müraciət qeydiyyata alındıqdan sonra tələbənin valideyni işsiz statusunu itirmişdir) həmin semestr üçün verilmiş kredit şərtlərini dəyişdirir?

Cavab:

TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin qeydiyyata alındığı tarixdən sonra dəyişməsi həmin semestr üçün verilmiş kredit şərtlərini dəyişdirmir.

 Sual 14: Tələbə semestr üçün hansı məbləğdə TTK ala biləcək?

Cavab:

Semestr (yarımil) üçün kredtin məbləği hər tədris ili üçün ayrı-ayrı təhsil səviyyələri, ayrı-ayrı təhsil müəssisələri və ayrı-ayrı ixtisaslar üzrə tələbə qəbuluna dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş illik təhsil haqqının yarısı miqdarında müəyyən edilir və kredit verilənədək ödəniş edilmiş təhsil haqqı məbləği nəzərə alınır. Məsələn, illik təhsil haqqı 2000 manatdırsa, semestr üçün TTK 1000 manat olacaqdır. Əgər tələbənin təhsil haqqı üzrə 500 manat ödənişi varsa, onda ilk semestrdə ona 1000 manat, növbəti semestrdə isə 500 manat TTK veriləcəkdir.

 Sual 15:  TTK hansı müddətə verilir?

Cavab: 

TTK uzun müddətə verilir. Bu müddət tələbənin təhsil aldığı təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə münasibətdə bu müddət 14-22 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsili pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər.

 Sual 16:  TTK verilən zaman girov və zəmanət tələb olunur?

Cavab: 

TTK verilən zaman girov və zəmanət tələb olunmur.

Sual 17:  TTK hansı faizlərlə verilir?

Cavab: 

TTK aşağı faizlərlə verilir, sosial TTK illik 2 faiz, standart TTK isə illik 6 faizlə verilir.

Sual 18:  Təhsil müddətində verilən TTK-ya görə faizlər hesablanır?

Cavab: 

Təhsil müddətində verilən TTK-ya görə faizlər hesablanmır.

Sual 19:  Tələbə TTK-nı məzun olduqdan dərhal sonra qaytarmalıdır?

Cavab: 

TTK-nın qaytarılması üçün tələbəyə məzun olduqdan sonra əmək fəaliyyəti ilə məşul olmaq və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 il vaxt verilir. Bu dövr güzəşt dövrü adlanır və həmin dövrdə məzundan TTK-nin qaytarılması tələb olunmur.

 Sual 20:  Güzəşt dövründə alınmış TTK-ya görə faizlər hesablanır?

Cavab: 

Güzəşt dövründə alınmış TTK-ya görə faizlər hesablanır?

 Sual 21:  Məzunun güzəşt dövrü bitməmiş əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, TTK üzrə öhdəliklər aktivləşir?

Cavab: 

Məzunun güzəşt dövrü bitməmiş əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, onun kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır.

 Sual 22: Kreditin qaytarılması dövründə möhlət verilə bilər?

Cavab: 

TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddət qədər uzadılır:

  • yuxarı təhsil səviyyəsində əyani təhsil;
  • həqiqi hərbi xidmət;
  • məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);
  • işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;
  • sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.

Sual 23: Hansı hallarda möhlət müddəti ləğv edilir?

Cavab: 

Möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv edilir.

Sual 24: Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur?

Cavab: Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır.

Belə ki, sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:

  • ÜOMG-si 71 bal və yuxarı olan (peşə təhsili müəssisə-lərində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır;
  • təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunur.

Standart TTK üzrə aşağıdakı güzəştlər tətbiq edilir:

  • ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır;
  • təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunur.

 Sual 25: Tələbələr TTK almaq üçün necə müraciət etməlidirlər?

Cavab: 

Tələbə notariat qaydada kredit müqaviləsinin bağlanması ilə bağlı bir sıra razılıqları təsdiq edir. Tələbənin yaşı 18-dən kiçik olduqda valideynləri və ya himayəçisi ilə,  18-dən böyük olduqda isə özü notariat ofislərinə yaxınlaşıb razılıqlarını ərizəsi ilə təsdiq etməlidirlər. Bu ərizə TTK üçün müraciətə icazə verir. Razılıq ərizəsində həmçinin TTK aldıqdan və bu vəsaiti tələb olunan məbləğdə geri qaytaranadək Fond və müvəkkil bank tərəfindən tələbənin fərdi məlumatları, əmlakları, gəlir və xərcləri barədə aidiyyəti qurumlarının informasiya sistemlərindən və ehtiyatlarından sorğu edərək məlumatın əldə edilməsinə dair razılıq öz əksini tapır.

Daha sonra tələbə kredit almaq üçün e-ttkf.edu.az portalına daxil olur və sistem tələbənin kredit almaq hüququnu müəyyən edir.

 Sual 26: Tələbələr e-ttkf.edu.az portalına necə daxil ola bilərlər?

Cavab: 

Portala giriş identifikasiya nömrəsi, asan imza və e-imza ilə mümkündür.

 Sual 27: Tələbələr TTK ilə bağlı imtina aldıqda nə etməlidirlər?

Cavab:

Tələbələr  imtina səbəbini aradan qaldırdıqdan sonra sistemə yenidən müraciət edə bilər.

Sual 28:  Müvəkkil bank tərəfindən TTK rəsmiləşdirilməsi hansı qaydada həyata keçirilir?

Cavab:

TTK rəsmiləşdirilməsi elektron qaydada həyata keçirilir. Kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra birdəfəlik şifrəni (OTP) daxil edir və bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və müştəri eyniləşdirilir. Tələbə sistemdə müvafiq məlumatları təsdiq etdikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir.

Sual 29:  Müvəkkil bank tərəfindən TTK tələbənin şəxsi hesabına köçürülür?

Cavab:

TTK təhsil müəssisəsinə köçürülür.

 Sual 30:  Tələbə TTK üçün müraciətin edilməsi və TTK-nın verilməsi ilə bağlı prosesləri izləmək imkanına malikdir?

Cavab:

Tələbə müraciətin edilməsi və kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsi izləyə bilir.

Sual 31:  Tələbə TTK ödəniş qrafikindən əvvəl qaytara bilər?

Cavab:

TTK vaxtından əvvəl qaytarıla bilər.

 Sual 32:  Tələbə TTK-nı şəxsən özü qaytarmalıdır?

Cavab:

TTK borcalanın özü və ya onun əvəzinə hər hansı bir şəxs (valideyni, qohumu, işəgötürəni və s.) tərəfindən qaytarıla bilər.

Sual 33: .Əmək müqaviləsi ilə işləyən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan şəxslərdən TTK üzrə ödənişlər necə tutulacaqdır?

Cavab:

Əmək müqaviləsi ilə işləyən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan şəxslərdən TTK üzrə ödənişlər əməkhaqqından və ya gəlirlərdən bu Qaydanın 7.12-ci və 7.14-cü bəndləri ilə müəyyən edilmiş qaydada tutulur.

 Sual 34: Ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan borcalanın TTK üzrə ödənişlər necə tutulacaqdır?

Cavab:

Ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan borcalanın TTK üzrə ödənişləri məhkəmə qaydasında tutulur.

Sual 35: Hansı hallarda TTK sığortalanır?

Cavab:

Ölüm və əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarında  TTK sığortalanır.

Sual 36: Sığorta müqaviləsi nə zaman bağlanır?

Cavab:

TTK-nin sığortalanması kredit müqaviləsi rəsmiləşdirilən zaman həyata keçirilir.

Sual 37: Sığorta müqaviləsi üzrə sığorta haqqı necə ödənilir?

Cavab:

Sığorta haqqı kredit müqaviləsinə uyğun hesablanır və kreditin məbləğinə əlavə olunaraq sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada ödənilir.

 Sual 38: TTK-nin sığortalanması zamanı faydalanan şəxs qismində kim çıxış edir?

Cavab:

TTK-nin sığortalanması zamanı faydalanan şəxs qismində müvəkkil bank müəyyən edilir.

Bir cavab yazın