Lənkəranda Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edildi

Lənkəranda Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edildi

25 Oktyabr 2021–ci il tarixində Lənkəran şəhər Heydər Əliyev mərkəzinin və LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin birgə təşkilatıçılığı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi ilə bağlı “Aşıq Ələsgərin saz–söz dünyası” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 18 fevral 2021–ci il tarixli sərəncamına əsasən Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması vurğulanmışdır. Heydər Əliyev Mərkəzinin əməkdaşlarının və Kollecin tələbə gənclərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Sadıxova açaraq bildirdi ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. Tədbirdə çıxış edən LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev çıxışında ölkəmizdə mədəniyyətə, incəsənətə, milli–mənəvi dəyərlərə diqqət və qayğıdan danışıb, saz–söz sənəti ilə bağlı bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı. Tədbir geniş söhbət və qarşılıqlı diskussiya şəklində davam etdi.

 

 

                        Cəmil Quliyev

            LDU nəzdində Sosial və Aqrar– Texnoloji Kollecin   

ictimaiyyətlə əlaqələr üzrə direktor      köməkçisi, t.ü.f.d.

                                                        

Bir cavab yazın