Kollecdə “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirici tədbir keçirildi.

Kollecdə “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirici tədbir keçirildi.

10 mart 2022–ci il tarixində LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatı dəstəyi ilə “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirici xarakterli tədbir keçirildi. Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun rəhbər müavini, polis polkovniki Tanrıverdi Aydınov, Dövlət Komissiyasının işçi qrupunun böyük məsləhətçisi Rahib Əliyev, Lənkəran rayonlararası narkoloji xəstəxananın baş həkimi Vüqar Əliyev, Kollecin direktoru dosent Ruslan Həmidov, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, psixoloq Zülfiyyə Əliyeva, direktor köməkçisi tar.ü.f.d. Cəmil Quliyev, Kollecin müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edirdilər. Tədbiri giriş sözü ilə Kollecin direktoru Ruslan Həmidov açaraq qeyd etdi ki, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial–iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını eyni zamanda cinayətkarlığın artmasına səbəb olmuşdur. Məruzə ətrafında Tanrıverdi Aydınov çıxış edərək bildirdi ki, Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. O da məlumdur ki, bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26–nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün sitmul yaranır. Lənkəran rayonlararası narkoloji xəstəxananın baş həkimi Vüqar Əliyev çıxış edərək bildirdi ki, bu bəla ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidir. Sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir. Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial–iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq. İnteraktiv formada keçirilən tədbirdə iştirakçılara Komissiya tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı. Tədbirin sonunda tələbələrin mövzu ilə bağlı onları maraqlandıran sualları cavablandırıldı.

 

 

                                                                        Cəmil Quliyev

        Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tar.ü.f.d.

 

Bir cavab yazın