LDHK-da 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi

LDHK-da 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi

17 yanvar 2020-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi. Əvvəlcə Kollecin foyesində  tələbələrinin əl işlərindən ibarət “20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR” adlı sərgiyə baxış keçirildi. Sonra Kollecin akt zalında keçirilən tədbirdə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Tədbiri giriş sözü ilə  Kollecin direktoru dosent Ruslan Həmidov açaraq bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan etmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — Neftçalada və yanvarın 26-da Lənkəranımızda daha 8 nəfər qətlə yetirilmişdir. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Xalq o günlərdə böyük bir həqi­qəti – meydanda həqiqi liderin olma­masını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  Azər­baycanın Moskvadakı daimi nümayən­dəliyinə gəldi. Ulu öndər təcavüzə kəs­kin etirazını bildirdi, faciəni törədən­ləri, şəxsən M.Qorbaçovu kəskin it­tiham etdi, qoşunların Bakıdan çıxarıl­masını tələb etdi. Xalqımızın ümum­milli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də imperiyanın mərkəzində, Mos­kvada. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.  Direktorun giriş nitqindən sonra “Qanlı 20 yanvar hadisələrindən 30 il ötür” mövzusunda kollecin “Tarix və ictimai elmlər” fənn birləşmə komissiyasının sədri Günel Abdullayeva məruzəsində bildirdi ki, 1990–cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Daha sonra TGT sədri Sumarə Bağırzadə, II kurs tələbələri Elnarə Miriyeva və Fidan Dadaşzadənin 20 yanvar faciəsi ilə bağlı şerləri dinlənildi. Sonda bildirildi ki, 20 yanvar tarixində Kollecin pedaqoji kollektivi və tələbələri də  Lənkəran şəhərində yerləşən Şəhidlər xiyabanında şəhidlərimizin xatirəsini tər çiçəklərlə ziyarət edəcəklər.

Bir cavab yazın