Elan: Lənkəran Dövlət Humanitar Kolleci üzrə Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin nəzərinə

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərar qəbul etmişdir.

Qeyd olunan Qərarda Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrində sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri üçün (2019/2020-ci tədris ilinin ikinci və 2020/2021-ci tədris ilinin birinci semestrləri) təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənişi nəzərdə tutulmuşdur:

  1. ünvanlı dövlət sosial yardımı alanlar;
  2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar;
    • I və II dərəcə əlilliyi olan şəxslər;
    • işsiz kimi qeydiyyatda olanlar;
    • yaşa görə əmək pensiyaçıları;
    • yaşa görə sosial müavinət alanlar.

Məlumat üçün bildiririk ki, qeyd olunan Qərarda aşağıdakı tələbələrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənişi nəzərdə tutulmamışdır:

  1. təkrar orta ixtisas təhsili alan tələbələr;
  2. normativ təhsil müddətindən çox təhsil alan tələbələr;
  3. əyani təhsil almayan tələbələr.

Nəzərə almaq lazımdır ki, qeyd olunan Qərarla hər semestr üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilmişdir və 2019/2020-ci tədris ilinin ikinci semestri üçün təhsil haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Tələbədə təhsil haqqı xərcinin dövlət büdcəsi hesabına ödənilməsi hüququ 2020-ci ilin tədris semestrləri müddətində onun müraciəti əsasında yuxarıda göstərilən şərtlərin hər hansı biri olduqda təmin olunur. 2019/2020-ci tədris ilinin ikinci (yaz) semestri üçün tələbənin son müraciət tarixi iyun ayının 1-dək, 2020/2021-ci tədris ilinin birinci (payız) semestri üçün isə dekabr ayının 1-dək nəzərdə tutulur.

Bu kateqoriyaya aid edilən tələbələrimizindən xahiş olunur ki, qeyd olunan müddət (01.06.2020-ci ilədək) ərzində kollecin ldhk1924@mail.ru  e-poçt ünvanına (Məsul şəxs: Tədris hissəsinin müdiri İlahə Əyyubova, tel: 050 984 92 92) elektron müraciət (ad, soyad, təhsil aldığı ixtisas, təhsil aldığı kurs,  həssas təbəqə üzrə sosial statusu və əlaqə telefonu qeyd olunmaqla) edərək aşağıda qeyd olunan müvafiq sənədlərin elektron surətlərini təqdim edəsiniz:

Tələbənin şəxsiyyətini təsdiq edən sənəd, doğum haqqında şəhadətnamə, bu şəhadətnamədə göstərilən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, tək valideyni olduqda əlavə olaraq digər valideynin ölüm haqqında şəhadətnaməsi, qanuni nümayəndələrlə münasibətdə məhkəmənin müvafiq qərarı və nümayəndələrin şəxsiyyətini təsdiq edən sənədlər, eləcə də valideynlərin və ya qanuni nümayəndələrin sosial statusunu (ÜDSY alan ailə, qeydiyyatdan keçmiş işsiz, I və II dərəcə əlil, yaşa görə əmək pensiyaçı, yaşa görə sosial müavinət alan) təsdiq edən sənədlər.

Bir cavab yazın