LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi” mövzusunda açıq dərs keçirildi.

LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi” mövzusunda açıq dərs keçirildi.

17 noyabr 2021–ci il tarixində Kollecin müəllimi Aygün Axundzadənin açıq dərsi keçirildi. Fənn müəllimi çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi”nin qeyd edilməsi haqqında 25 yanvar  2021-ci il tarixində sərəncam imzalamışdır. Professor Lütfi Rəhim oğlu Ələskərzadə 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olmuşdur. O, Bakıda 16 nömrəli məktəbdə ibtidai təhsilini başa vurmuş, 1932-ci ildə ailəsi ilə birlikdə Tehran şəhərinə köçmüşdür. Burada “Albors” missioner məktəbində təhsilini davam etdirən Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakultəsinə daxil olmuşdur. O, 1944-cü ildə Amerika Birləşmiş Ştatlarına köçərək təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirmiş və 1946-cı ildə elektrik mühəndisliyi ixtisası üzrə magistr dərəcəsi almışdır. Lütfi Zadə 1949-cu ildə         Kolumbiya Universitetində fəlsəfə doktoru və 1957-ci ildə isə professor elmi dərəcəsi almışdır. Alim 1959-cu ildən Kaliforniya Berkil Universitetində professor, 1963-cü ildən ömrünün sonunadək isə həmin universitetin Elektrik mühəndisliyi və komputer elmləri kafedrasının rəhbəri vəzifəsində çalışmışdır. Professor Lütfi Zadə hər zaman doğma vətəni Azərbaycanla bağlı olmuşdur. O, 2014-cü ildə keçirilən Azərbaycan alimlərinin I Qurultayına video-müraciət ünvanlamış, Azərbaycanda yüksək texnologiyaların və biliklər iqtisadiyyatının formalaşdırılması sahəsində dövlət tərəfindən həyata keçirilən işlərə yüksək qiymət vermişdir. AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixli qərarı ilə professor Lütfi Zadə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülmüşdür. Sağlığında Bakıda dəfn olunmasını vəsiyyət edən professor Lütfi Zadə 2017-ci ildə vəfat etmişdir. Alimin vəsiyyəti Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə həyata keçirilmş, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, eləcə də ölkə ictimaiyyətinin iştirakı ilə izdihamlı vida mərasimi təşkil olunmuş, alim Birinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Keçirilən açıq dərsdə direktor müavini, Ü.Rzayeva, şöbə müdiri D.Əskərov, psixoloq Z.Əliyeva və HİK sədri A.Vəliyeva iştirak edirdilər.

                                                                                            Cəmil Quliyev

                                     İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.

Bir cavab yazın