Kollecin əməkdaşları şəhidin anım günündə iştirak etdilər

Kollecin əməkdaşları şəhidin anım günündə iştirak etdilər

26 Oktyabr 2021–ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin əməkdaşları Lənkəran rayonu Göyşaban kəndində 44 günlük Vətən müharibəsi şəhidi Elməddin Məmmədlinin ailəsini ziyarət etdilər. Qeyd edim ki, Şəhidin qardaşı Əkbər Məmmədli Kollecin “Muhasibat uçotu” ixtisasının II kurs tələbəsidir. Anım gününə təsadüf edən ziyarətdə LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin direktoru dosent Ruslan Həmidov, müəllimlər Cəmil Quliyev, Farid Salayev, Nazim Qüvvətli, Kollecin qazi və müharibə iştirakçısı tələbələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Anım günündə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid Elməddin Məmmədlinin qəhrəmanlıqlarından danışıblar. Ziyarətçilər anım günündə igid döyüşçü Elməddin Məmmədlinin 25 illik ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar. Sonra qəhrəmanın büstü önünə gül dəstələri düzülüb, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Qeyd edək ki, Lənkəran rayonunun Göyşaban kəndində anadan olan Elməddin Ələddin oğlu Məmmədli 2013-2014-cü illərdə hərbi xidmətdə olub. 44 günlük Vətən müharibəsinə könüllü yollanan Elməddin Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəsur döyüşçü Qubadlı rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Müharibə iştirakçısı”, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

                                                       

                                                                                                                                                                                          Cəmil Quliyev       

          LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin

         İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.

Bir cavab yazın