“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması da postmünaqişə dövrünün reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır.

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması da  postmünaqişə dövrünün reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır.

Rusiya–Azərbaycan  münasibətlərinin bundan sonrakı uğurlu inkişafı  regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasına, Cənubi Qafqazda  sülhün  və qarşılıqlı anlaşmanın dəstəklənməsinə, xalqlarımızın əsaslı maraqlarının reallaşmasına öz müsbət təsirini göstərəcək. Azərbaycan dövləti  tarixi Zəfərimizin reallıqları fonunda Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı  təkliflərini  çatdırıb. Məqsəd bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması və yeni əməkdaşlıq formatlarının yaradılması prosesinin sürətləndirilməsidir. Diqqət yetirsək görərik ki,  son zamanlar dünya gücləri Azərbaycanla əlaqələrin inkişafında maraqlı olmaqla yanaşı, bu istəklərini regionda dayanıqlı sülhə töhfələr verməyə səy göstərməklə ifadə edirlər. Məsələyə bu  kontekstdən yanaşdıqda Moskva, Soçi, həmçinin Brüssel görüşləri  günümüzün reallıqlarının aydın mənzərəsini yaradır. Dayanıqlı sülhə töhfə vermək prosesində bu görüşlərlə bərabər, imzalanan sənədlər də  öz əhəmiyyətli rolunu oynamaqdadır. Xüsusi vurğulamaq lazımdır ki, Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Hər iki ölkə müttəfiqlik fəaliyyətini biri-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,  sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər. Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir: “Azərbaycan dövləti daim Xəzərin dostluq, əməkdaşlıq dənizi olmasına çağırışlar edib. Təbii ki, bu da dövlətimizin xarici siyasətinin dəyişməz olan prinsiplərinə əsaslanır. Türkiyə ilə imzalanmış Şuşa Bəyannamasi kimi, Rusiya ilə imzalanmış  Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir ki, 44 günlük Vətən müharibəsində Qələbəmizdən sonra  Cənubi Qafqazda formalaşmış yeni siyasi mühitin  əsas oyunçuları  Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik bəyannamələrini imzalaması bu yeni siyasi mühiti  rəsmən təsbit edir.  Türkiyə ilə Şuşa Bəyannaməsinin, Rusiya ilə Moskva Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bu məqsədlə mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Ötən ilin dekabrında  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə görüşü qurumun ölkəmizlə münasibətlərinin hazırkı səviyyəsinə işıq saldı. Bu görüşlərin ardınca bu il fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi. Bu görüş Brüssel sülh gündəliyinin davamı kimi dəyərləndirildi. Azərbaycan iki qüdrətli qonşusu–Türkiyə və Rusiya ilə müttəfiq olur, Aİ ilə saziş imzalamağa  hazırlaşır. Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, dünyanın bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb.  Bu isə Azərbaycanın diplomatiyasının uğurudur.  BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, həmçinin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT–in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiyanın Azərbaycan ilə münasibətlərinin yüksələn xətlə inkişafı, ölkələrimiz arasında müttəfiqlik Bəyannaməsinin imzalanması postmünaqişə dövrünün reallıqlarının qəbul edilməsində də əhəmiyyətli rol oynayacaq. Bu baxımdan imzalanan Bəyannamə Ermənistana böyük zərbədir. Bugünədək dünyanın ikili standartlara əsaslanan siyasətindən bəhrələnən işğalçı Ermənistan artıq dünya güclərinin Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləmələrinin şahididir. Ermənistanın  sülh müqaviləsini imzalayıb yeni reallıqların diktə etdiyi gerçəklikləri  qəbul etməkdən başqa yolu yoxdur.

 

                         Ruslan Həmidov

  LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin direktoru, dosent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir