Kollecdə “20 yanvar faciəsinin 33-cü ildönümü” ilə bağlı seminar keçirildi.

Kollecdə “20 yanvar faciəsinin 33-cü ildönümü” ilə bağlı seminar keçirildi.

16 yanvar 2023–cü il tarixində LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin “Tarix və ictimai elmlər” FBK müəllimlərinin iştirakı ilə “20 yanvar qan yaddaşımızdır” mövzusunda seminar keçirildi.
Məruzə ətrafında FBK-nın müəllimləri Mələk Əhmədzadə və Sevinc Bağırova 20 Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıblar. Qeyd olunub ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib.
Kollecin müəllimləri Qətilə Şükürova və Ülviyyə Rzayeva da çıxış edərək 33 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədildiyini, günahsız insanların qətlə yetirildiyini xatırladıblar. Diqqətə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar. 1990-cı ilin 26 yanvarında SSRİ ordusu tərəfindən Lənkəran rayonunda baş vermiş qırğın nəticəsində Tariyel Abdullayev, Salman Baxşıyev, Rövşən Bədəlov, Vaqif Məmmədov, Rahim Məmmədov və Şahin Məmmədov rus hərbçiləri tərəfindən Lənkəranın Haftoni meşəliyində öldürülmüşdür. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq şəhidlərin məzarlarına faciənin simvoluna çevrilmiş qırmızı qərənfillər düzür, onları qürurla anır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir