Molla Pənah Vaqifin 300 illiyilə bağlı ədəbi-bədii gecə keçirildi

Molla Pənah Vaqifin 300 illiyilə bağlı ədəbi-bədii gecə keçirildi

Məlum olduğu kimi Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2017-ci il tarixli Sərəncamına müvafiq olaraq respublikamızın bütün təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Lənkəran Dövlət Humanitar Kollecində də bununla bağlı tədbirlər planı tərtib edilərək təsdiq edilmişdir. Tədbirlər planına əsasən 19 may 2017-ci il tarixində kollecin oxu zalında “Azərbaycan dili və ədəbiyyat” Fənn birləşmə komissiyasının və Kollec Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə adı YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilmiş, Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş qüdrətli söz ustası Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı ədəbi-bədii gecə keçirildi. Gecənin aparıcısı, “Kitabxana və informasiya təminatı” ixtisası üzrə III kurs tələbəsi Qəmər Rzazadə Böyük Azərbaycan şairinin həyat və yaradıcılığına həsr olunmuş məruzədən ötrü “Texnologiya müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Aydan Mehdizadəni təqdim etdi. Sonra şairin “Zeynəb”, “Pəri” və digər qoşmalarını I kurs tələbələrindən Zeynəb Hüseynli, Könül Babayeva, Fatimə Əhmədova, Aydan Mehdizadə, Turanə Məmmədova və Emilya Ağayeva ifa etdilər. İctimai-siyasi motivli məişət mövzusuyla bağlı “Bayram oldu heç, bilmirəm neyləyim” şeirini III kurs tələbəsi Fəridə Fərəcova söylədi. Ədəbiyyatımızda dillər əzbəri olan Vaqif və Vidadi deyişməsini tələbələr Nərmin Məmmədzadə və Fəridə Fərəczadə təqdim etdi. Tədbirin ən maraqlı hissəsi tələbələr tərəfindən səhnələşdirilmiş Vaqif-Qacar deyişməsi oldu. Tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva və “Azərbaycan dili və ədəbiyyat” FBK-nın sədri Nuranə Əsgərova çıxışlarında  böyük söz ustasının yaradıcılığından danışaraq kollecimizdə onunla bağlı keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verdilər.

DSC_1078 DSC_1084 DSC_1099 DSC_1102 DSC_1107 DSC_1112 DSC_1114 DSC_1123 DSC_1128

Bir cavab yazın